Sahibkarlığa Kömək Milli Fondu (SKMF) indiyədək qadın sahibkarlara 46,2 mln. manat məbləğində kredit verib. Bu barədə Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Arif Vəliməmmədov bəyan edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir ki, idarə qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılmasına dair tədbir keçirib.
A.Vəliməmmədov vurğulayıb ki, indiyədək SKMF-in xətti ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 2,07 min qadın kredit alıb.
O, həmçinin qeyd edib ki, 2013-cü ildə SKMF 430 qadın sahibkara 9,3 mln. manat məbləğində kredit verib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova tədbirdə qeyd edib ki, dövlətin prioritet istiqamətlərindən biri qadınların sosial, iqtisadi, ictimai-siyasi həyatda rolunun genişləndirilməsidir.
S.Həsənova regionlarda və ölkənin ucqar ərazilərində yaşayan qadınların özəl biznes və aqrar təsərrüfatlarının yaradılmasına yönələn layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
“Ötən il Azərbaycanda hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı 5,2% - 455 minə qədər artıb, onların 17,9%-ni qadınlar təşkil edir”, - deyə nazir müavini qeyd edib.