Əfqanıstan tikintisi son mərhələdə olan Bakı-Tiflis-Qars dəmir yolunun istifadəsində maraqlıdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan xarici işlər naziri Zarar Əhmad Osmani ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.
Əfqanıstan XİN başçısı qeyd edib ki, ölkəsi bu marşrutu Türkmənistan, Azərbaycan və Gürcüstan ərazisi vasitəsilə Avropaya yol kimi dəyərləndirir.
“Türkmənistanla bu məsələ ilə bağlı danışıqlar aparılır”, - deyə Z.Osmani qeyd edib.
E.Məmmədyarov məlumat verib ki, əfqanıstanlı həmkarı ilə danışıqlar zamanı, həmçinin əfqan tələbələrin Azərbaycanın ali məktəblərində təhsili, o cümlədən Əfqanıstanın enerji sektoruna Azərbaycan investisiyalarının qoyuluşu məsələləri müzakirə edilib. “Bu gün keçirilən görüşdə Əfqanıstan tərəfi birgə biznes forumun keçirilməsini də təklif edib”, - deyə azərbaycanlı nazir əlavə edib.
E.Məmmədyarov onu da qeyd edib ki, beynəlxalq arenada bir çox məsələlər üzrə Bakı və Kabilin mövqeləri üst-üstə düşür. “Əfqanıstan Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini tam dəstəkləyir”, - deyə Z.Osmani bəyan edib. “Bizim üçün ərazi bütövlüyü məsələsi mühümdür. Qeyd etmək istərdim ki, vaxtilə biz SSRİ-nin təcavüzü ilə üzləşmişik. Nəticədə 2 mln.-dan çox adam həlak olub. Əfqanıstan BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı bütün qətnamələrini dəstəkləyir”, - deyə qonaq bəyan edib.