2014-cü ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 1 mlrd. 824,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
2014-cü ilin yanvar-fevral aylarında kapital qoyuluşlarının ümumi həcmindən 1 mlrd. 290,2 mln. manat (bütün investisiyaların 70,7%-i) istehsalat təyinatlı obyektlərə, 534,4 mln. manat (bütün investisiyaların 29,3%-i) xidmət sahəsində obyektlərin inşasına yönəldilib.
Hesabat dövründə kapital qoyuluşlarının ümumi həcmindən 618,8 mln. manat (bütün investisiyaların 33,9%-i) xarici investisiyaların, 1 mlrd. 205,8 mln. manat (bütün investisiyaların 66,1%-i) daxili investisiyaların payına düşüb.
Yanvar ayında neft sektoruna 775 mln. manat (bütün kapital qoyuluşlarının 42,5%-i), qeyri-neft sektoruna 1 mlrd. 49,6 mln. manat (bütün kapital qoyuluşlarının 57,5%-i) həcmində sərmayə qoyulub.
Hesabat dövrü ərzində tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 1 mlrd. 145,8 mln. manat və ya bütün kapital qoyuluşlarının 62,8%-ni (artım 28,1%) təşkil edib.
Yanvar-fevral aylarında dövlət müəssisə və təşkilatları tərəfindən 974,3 mln. manat (bütün investisiyaların 53,4%-i), özəl müəssisə və təşkilatlar tərəfindən 850,3 mln. manat (bütün investisiyaların 46,6%-i) həcmində kapital qoyuluşu həyata keçirilib.
2014-cü ilin yanvar-fevral aylarında müəssisə və təşkilatların vəsaitləri hesabına 867,6 mln. manat (artım 8,5%), bank kreditlərinin hesabına 93,6 mln. manat (artım 8,1%), büdcə vəsaitlərinin hesabına 749,1 mln. manat (artım 2,8%), büdcədənkənar fondların vəsaitləri hesabına 23,2 mln. manat (azalma 35,9%), əhalinin vəsaitləri hesabına 87,1 mln. manat (artım 2,2 dəfə), digər mənbələr hesabına 4 mln. manat həcmində kapital qoyuluşları həyata keçirilib.