19-20 iyun tarixlərində Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə V Beynəlxalq Sığorta Forumu keçiriləcək. Bu barədə Assosiasiyanın sədri Orxan Bayramov çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
“2014-cü ildə ASA bir sıra iri tədbirlərin keçirilməsini planlaşdırır. Onlardan biri 19-20 iyun tarixlərində keçiriləcək V Beynəlxalq Sığorta Forumudur. Forumun işində 250-260 nümayəndənin iştirakı gözlənilir. Bu il forumda tibbi və bədbəxt hadisələrdən sığorta məsələləri diqqət mərkəzində olacaq”, - deyə O.Bayramov bildirib.
Onun sözlərinə görə, oktyabrın sonunda Baden-Baden şəhərində illik beynəlxalq sığorta həftəsi keçiriləcək. Tədbir çərçivəsində ASA-nın təşəbbüsü ilə “Azərbaycan gecəsi” təşkil olunacaq.
O.Bayramov əlavə edib ki, dekabrda Sığorta Agentlərinin üçüncü Milli Forumunun keçirilməsi planlaşdırılır. Forumun işində Türkiyədən olan ekspertlər iştirak edəcək.
ASA-nın sədri vurğulayıb ki, prioritetlərdən biri sığorta agentlərinin fəaliyyətinin gücləndirilməsidir və sığorta agentlərinin reyestrinin yaradılması məsələsi müzakirə olunur.
O.Bayramov qeyd edib ki, 2014-cü ildə Assosiasiya sığorta sahəsində maarifləndirmə üzrə bir sıra layihələrin reallaşdırılmasını planlaşdırır.
Xüsusilə respublikanın 30 orta məktəbində şagirdlərin sığortanın fundamental əsasları ilə tanışlığı nəzərdə tutulur. Bundan başqa, mayın sonunda respublikanın 5 universitetinin tələbələrinin iştirak edəcəyi sığorta üzrə əmək yarmarkasının keçirilməsi planlaşdırılır.
O.Bayramov, həmçinin sığorta məsələləri ilə bağlı maarifləndirmə, sığorta sahəsində vəziyyətin müzakirəsi məqsədilə Assosiasiyanın nəzdində “Jurnalistlər klubu”nun yaradılması barədə elan edib.
ASA 2006-cı ilin dekabr ayında yaradılıb. Assosiasiyanın yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təmin edilməsi, həmçinin sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.