Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “FINCA Azerbaijan" bank olmayan kredit təşkilatına milli valyutada $6 mln. məbləğində kredit ayırıb. Bu barədə bankın saytında məlumat verilir.
Kredit vəsaitləri “FINCA Azerbaijan" BOKT tərəfindən Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın (MSME) kreditləşməsinin genişləndirilməsinə yönəldiləcək.
Məlumatda qeyd olunur ki, ölkədə 65 şöbəsi fəaliyyət göstərən “FINCA Azerbaijan" 2006-cı ildən AYİB ilə əməkdaşlıq edir. İndiyədək BOKT AYİB-dən $24 mln. məbləğində kredit vəsaiti cəlb edib. Bu kreditlər üzrə cari qalıq $18,5 mln.-a bərabərdir.
“Bu sövdələşmə AYİB-in Azərbaycanda özəl biznesin inkişafını, eləcə də maliyyə sektorunun gələcəkdə möhkəmlənməsini dəstəkləmək cəhdini gücləndirir”, - deyə AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Neil McKain bildirib.
“Biz AYİB ilə uzunmüddətli tərəfdaşlığı genişləndirməyə çox şadıq. AYİB ilə gələcək əməkdaşlıq üçün bir çox imkanlar görürük və Azərbaycanda sabit biznes kreditləşməsinin dəstəklənməsi məqsədilə yeni təşəbbüsləri səbirsizliklə gözləyirik”, - deyə "FINCA Azerbaijan”ın direktoru Timoti Tarrant bildirib.
“FINCA Azerbaijan” 1998-ci ildə təsis edilib və Azərbaycanın mikromaliyyə bazarının liderlərindən biridir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövründə AYİB Azərbaycanda 143 layihənin həyata keçirilməsi üçün $2,2 mlrd. vəsait ayırıb.