Slovakiya yaxın vaxtlarda Azərbaycanla “Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” layihəsi üzrə danışıqları başa çatdırmağa ümid edir. Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.
Məlumatda vurğulanır ki, vergilər nazirinin birinci müavini Natiq Əmirov Slovakiyanın Maliyyə Nazirliyinin dövlət katibi Vazil Hudak ilə Bakıda görüş keçirib.
Görüş zamanı N.Əmirov qeyd edib ki, Azərbaycan ilə Slovakiya arasında həm dövlətlərarası, həm də vergi orqanları arasında əlaqələr inkişaf etməkdədir və iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş çərçivəsində müntəzəm danışıqlar aparılır. Nazir müavini növbəti mərhələdə iki ölkənin vergi orqanları arasında praktiki əməkdaşlığın, o cümlədən vergi inzibatçılığı sahəsində mövcud olan müsbət təcrübələrin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsinin vacibliyini qeyd edib.
V.Hudak əlavə edib ki, yaxın vaxtlarda gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin imzalanması məqsədilə ikitərəfli danışıqların başa çatdırılması planlaşdırılır.
Azərbaycan 45 ölkə ilə “Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” saziş imzalayıb. Onlardan 42 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması prinsipi tətbiq olunur.