Müdafiə Nazirliyi və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi birgə həyata keçiriləcək fəaliyyətlə əlaqədar işçi qrupu yaradacaq. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri Zakir Həsənov və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevin görüşü zamanı tədbirlər planının tərtib edilməsi qərara alınıb.
Müdafiə naziri gənclərimizin hərbi vətənpərvərliyinin gücləndirilməsində, onların döyüş əzmi ruhunda tərbiyə olunmasında Əfqanıstan müharibəsi veteranlarının nümunəsini xüsusi vurğulayıb və bu fəaliyyətin gələcəkdə də həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
M.Vəliyev ölkəmizdə veteranlara və onların ailələrinə göstərilən dövlət qayğısından danışıb, ictimai birlik tərəfindən məktəblərdə və digər təhsil ocaqlarında keçirilən müxtəlif tədbirlər barəsində məlumat verib.