“Atəşgah” sığorta şirkəti 2014-cü ildə “Mərkəzi Klinik” MMC-nin (Mərkəzi Klinik Xəstəxana - MKX) əmlakının və üçüncü şəxslər qarşısında məsuliyyətinin sığortası üzrə tenderin qalibi elan olunub. Bu barədə şirkətin məlumatında deyilir.
“Tender çərçivəsində şirkət MKX-yə 5 sığorta növü üzrə: klinikanın binasının; manual-tibbi avadanlığın; elektron avadanlığın; MKX-nin balansında olan nəqliyyat vasitələrinin; üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası üzrə xidmətlər göstərəcək”, - deyə məlumatda qeyd edilir.
“Mərkəzi Klinik” MMC Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təsis edilib və 2009-cu ilin yanvar ayında dövlət qeydiyyatından keçib. MKX Azərbaycan Prezidentinin Xüsusi Tibb Xidmətinə tabedir. MMC-nin nizamnamə kapitalı 30 mln. 906,7 min manata bərabərdir.
“Atəşgah” sığorta şirkəti 1996-cı ildə yaradılıb və toplanan sığorta haqları və həyata keçirilən ödənişlər üzrə Azərbaycanın aparıcı sığorta şirkətlərinin onluğuna daxildir. “Atəşgah”ın səhmdarları I.S.R. Holding Ltd, ARDNŞ və RAN-Eksim şirkətləridir.
2014-cü ilin yanvar-fevral ayları ərzində şirkətin sığorta haqları 4 mln. 789,803 min manat, ödənişləri 2 mln. 68,822 min manat təşkil edib.