Azərbaycan və Əfqanıstan iqtisadi əməkdaşlığın daha da aktivləşməsi üçün Hökumətlərarası Komissiyanın yaradılmasında maraqlıdır. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir.
Məlumatda vurğulanır ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmani ilə görüşüb.
Görüşdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Əfqanıstana ixracı, həmçinin iqtisadiyyatın digər sahələrində əməkdaşlıq, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün biznes forum, təqdimat və sərgilərin keçirilməsi perspektivləri müzakirə olunub.
İqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkənin Hökumətlərarası Komissiyasının yaradılması məsələsi müzakirə mövzularından biri olub.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və Əfqanıstan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir.
Əfqanıstan XİN başçısı ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib.