Gənclər və İdman Nazirliyi və BMT arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə cümə axşamı nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Sənəd ABŞ-da rəsmi səfərdə olan gənclər və idman naziri Azad Rəhimovun BMT rəsmisi Maher Naseer ilə görüşü zamanı imzalanıb.
Memorandum nazirlik və BMT baş katibinin gənclər üzrə elçisinin ofisi arasında əlaqələrin genişləndirilməsi və inkişafını nəzərdə tutur.
İmzalanma mərasimindən sonra A.Rəhimov BMT radiosuna müsahibə verərək Azərbaycan dövlət gənclər siyasəti modeli və BMT baş katibinin gənclər üzrə elçisinin ofisi ilə əməkdaşlıq perspektivləri haqqında danışıb.
Məlumatda qeyd olunur ki, "Gənclər ilə və gənclər üçün işi" beş əsas prioritetlərdən biri kimi elan edən BMT baş katibi Pan Gi Mun dünya dövlətlərinə müraciət edərək gənclər üzrə elçisini və onun fəaliyyətini dəstəkləməyə çağırıb.
Adıçəkilən memorandumu imzalayan Azərbaycan bu çağırışa cavab verən ilk dövlətlərdən biri oldu.