Vilnüs şəhərində yerləşən Mikolos Romeris Universitetində “Azərbaycan litvalı gənclərin gözü ilə” fotosərgisi açılıb. Bu barədə Bakı şəhər Mədəniyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Sərgidə Azərbaycanın mədəniyyəti və adət-ənənələrini əks etdirən 40-dan çox fotoşəkil nümayiş etdirilir. Bundan başqa, 19 nəfər litvalı gəncin çəkdiyi rəsmlər də yer alıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən bu layihənin ideya müəllifi Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) idarə heyətinin üzvü Toğrul Əliyevdir.
Layihənin məqsədi Azərbaycan reallıqlarının təbliğatı, ölkəyə olan marağın artırılmasıdır.
“Azərbaycan litvalı gənclərin gözü ilə” fotosərgisi aprelin ortalarınadək davam edəcək. Sərgini Litvanın bir neçə şəhərində nümayiş etdirmək planlaşdırılır.
Litva Azərbaycanlı Gənclər Təşkilatı 2012-ci il iyunun 26-da Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Litvada yaşayan və təhsil alan gəncləri bir araya gətirmək və gənclərlə iş sahəsində ölkəni layiqli təmsil etmək məqsədilə yaradılıb.