«Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı»nın layihəsi Azərbaycanın müvafiq təşkilatları tərəfindən müzakirə mərhələsindədir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir.
Bu sənəd BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının müddəalarının icrası məqsədilə hazırlanıb.
Həmçinin əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin qeyd olunan Konvensiyaya uyğunlaşdırılması üçün ƏƏSMN tərəfindən «Əlilliyi olan şəxslərin hüquqları haqqında» yeni qanun layihəsi hazırlanıb.
Nazirlik tərəfindən bu tədbirlər əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aprelin 1-2-də Cenevrədə BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin 11-ci sessiyasında Azərbaycan hökumətinin BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının müddəalarının icrası sahəsində gördüyü işlərə dair ilk məruzə ilə çıxış edəcək.
Azərbaycanın nümayəndə heyətinə aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının təmsilçiləri daxil olacaq.