Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 28,1 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2014-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 879 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 2,1 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə axşamı Quba rayonunda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
İndiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1 488 investisiya layihəsinin həyata keçirilməsi üçün 113,6 mln. manat məbləğində güzəştli kredit verilib.
“Cümə axşamı tədbir çərçivəsində 41 sahibkarlıq subyekti 646 min manatdan çox güzəştli kredit alıb. Bu layihələrin maliyyələşdirilməsi 70-dən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib.