Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycanın işğal altında olan ərazilərində məşqçi kursunun təşkili ilə əlaqədar Ermənistan Futbol Federasiyasına etirazını bildirib və bu haqda UEFA-ya məlumat verib. Bu barədə AFFA-nın saytında məlumat verilir.
UEFA-nın Konqresində iştirak etmək üçün Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrinə bu barədə məlumat verməklə Ermənistan Futbol Federasiyasının Azərbaycanın işğal olunmuş ərazilərində məşqçi kursları keçirməsindən narazılığını ifadə edib.
E.Məmmədov, həmçinin Ermənistan Futbol Federasiyasının baş katibi ilə də görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib.
AFFA xatırladır ki, 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub və konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız AFFA-ya məxsusdur.