Azərbaycanın Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC və Fransanın "Sofiya Antipolis" texnoparkı arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Sənəd ikitərəfli əməkdaşlığı, məlumat bazaları və texnologiya mübadiləsini, alternativ enerji sahəsində fəaliyyət göstərən kiçik və orta müəssisələrə göstərilən xidmətlərin inkişafı məqsədilə qarşılıqlı səfərlərin təşkil olunmasını nəzərdə tutur.
Analoji sazişlərin digər texnoparklarla da imzalanması nəzərdə tutulub.
"Sofiya Antipolis" texnoparkı 1970-1984-cü illərdə yaradılıb və Fransanın Nitsa şəhərində yerləşir. Texnopark xüsusilə hesablama texnikası, elektronika, farmakologiya və biotexnologiya sahəsində fəaliyyət göstərən şirkətlər üçün nəzərdə tutulub. Burada, həmçinin bir neçə ali təhsil müəssisəsi və W3C konsorsiumunun mənzil-qərargahı yerləşir.
Yüksək Texnologiyalar Parkı prezident İlham Əliyevin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. Məqsəd İKT, kosmos, enerji səmərəliliyi, yüksək texnologiyaların tətbiqi və digər sahələrdə tədqiqatların aparılmasıdır.