Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ölkənin müxtəlif regionlarında əlil və şəhid ailələri üçün yeni çoxmərtəbəli yaşayış binaları inşa edilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, bu vətəndaşlar üçün Goranboy rayonunda inşa olunan 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisi artıq yekunlaşmaq üzrədir. Binadakı mənzillərin yaxın vaxtlarda Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.
Bundan başqa, nazirliyin sifarişi ilə əlil və şəhid ailələri üçün Tərtər, Beyləqan və İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı, Bərdə və Ağdam rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli binaların inşası davam etdirilir.
Gözdən əlil şəxslər üçün Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binası inşa olunur.
Həmin yaşayış binalarının cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.