Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Suraxanı rayonunda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF Suraxanı rayonunda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə logistik mərkəzin; müasir ət kəsimi və emalı müəssisəsinin; müasir istixana kompleksinin; zeytunçuluq təsərrüfatlarının və toxuculuq müəssisəsinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Suraxanı rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.