Heydər Əliyev Fondu «Save a Child`s Heart» xeyriyyə təşkilatının yardımı ilə Vaşinqtonda birgə aksiya keçirib. Bu barədə çərşənbə axşamı Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
«Save a Child`s Heart»ın Amerikadakı nümayəndəliyinin icraçı direktoru Devid Lituak qeyd edib ki, rəhbərlik etdiyi təşkilatın mərkəzi İsraildə yerləşir. Azərbaycan «Save a Child`s Heart»ın əməkdaşlıq etdiyi 49-cü ölkədir və bu əməkdaşlıq Heydər Əliyev Fondu səviyyəsində qurulub.
O, həmçinin məlumat verib ki, 1995-ci ildən «Save a Child’s Heart» təşkilatına könüllülük prinsipi əsasında dəstək verən həkimlərin səyləri ilə 2 min uşaq xilas edilib. Heydər Əliyev Fondu ilə əməkdaşlıq ürək çatışmazlığından əziyyət çəkən azərbaycanlı uşaqlara İsrailin tibb mərkəzlərində əməliyyat olunaraq sağalmaq şansı verəcək.
D.Lituak azərbaycanlı həkimlərin də iştirak edə biləcəyi xüsusi təlim və kursların keçiriləcəyini qeyd edib və Azərbaycanda tibb mərkəzinin yaradılmasına kömək etməyə hazır olduqlarını bildirib.
Heydər Əliyev Fondunun Amerikadakı nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə son 10 il ərzində təşkilatın həyata keçirdiyi işlər barədə tədbir iştirakçılarına məlumat verib.
O qeyd edib ki, tədbirin Vaşinqtonda keçirilməsinə baxmayaraq, bu hadisə Azərbaycan, Amerika və İsrail arasında əlaqələrin möhkəmlənməsində körpü rolunu oynayacaq.
Tədbir iştirakçıları Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunan videoçarx və nəşrlərlə tanış olublar.
Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov qeyd edib ki, respublika rəhbərliyinin uzaqgörən və düzgün siyasəti nəticəsində Azərbaycan bir zamanlar humanitar yardım alan ölkədən donor ölkəyə çevrilməyə müvəffəq olub. O vurğulayıb ki, Azərbaycanın beynəlxalq arenada həyata keçirdiyi xeyriyyə fəaliyyətində Heydər Əliyev Fondu çox mühüm pay sahibidir.
F.İsmayılov onu da qeyd edib ki, bu əməkdaşlıq 3 dövlət arasında əlaqələri daha da möhkəmləndirəcək.
Məlumatda vurğulanır ki, bir neçə gün əvvəl C.Paşayeva-Seyidzadə «Save a Child`s Heart» xeyriyyə təşkilatının ABŞ-dakı İdarə Heyətinin rəhbəri Frensis Kuk ilə görüşüb. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.