SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin I rübündə Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 254,33 min ton neft yola salıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə nəqlin həcmi 38,2% azalıb.
Mart ayında SOCAR Novorossiysk limanından 84,681 min ton Azərbaycan nefti yola salıb.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri ilə hər ay 85 min ton neft nəql etməyi planlaşdırır (il ərzində 1 mln. 20 min ton – İF-Az).
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.
2014-cü il fevralın 18-də SOCAR və “Transneft” arasında Azərbaycan neftinin Bakı- Novorossiysk kəməri ilə nəqlinə dair qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. 2014-cü ilin sonuna qədər nəzərdə tutulan müqavilənin şərtləri açıqlanmayıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə Bakı-Novorossiysk kəməri ilə 1 mln. 750,063 min ton neft ixrac edilib.