ABŞ-ın Missisipi ştatının Nümayəndələr Palatasında “ABŞ ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı dəstəkləyən” qətnamə qəbul olunub. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin çərşənbə günü yaydığı məlumat verilib.
Sənəddə Azərbaycanın ABŞ üçün strateji əhəmiyyət daşıyan tərəfdaş olduğu və tərəflər arasında 20 ildir ki, bir çox sahədə, o cümlədən enerji təhlükəsizliyi, beynəlxalq terrorçuluğa, narkotiklərə və insan alverinə qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmaması və s. sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdiyi vurğulanır.
Qətnamədə, həmçinin Azərbaycanın iqtisadi sahədə böyük uğurları vurğulanaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı və strateji əhəmiyyətli layihələrin təşəbbüskarı olduğu xüsusilə qeyd olunur.