Rəsmi Varşava Cənubi Qafqazı Avropanın təhlükəsizliyinə təsir nöqteyi-nəzərindən vacib region hesab edir. Bu barədə Polşa Müdafiə Nazirliyinin Beynəlxalq təhlükəsizlik siyasəti departamentinin nümayəndəsi Katajina Frıdrıx bəyan edib.
“Biz Cənubi Qafqaz regionunu Avroatlantik məkanın təhlükəsizliyinə təsir nöqteyi-nəzərindən vacib hesab edirik. Ukraynada baş verənlər NATO-nun şərq sərhədlərində təhlükəsizliyin nə dərəcədə mühüm olduğunu göstərir”, - deyə K.Frıdrıx bir qrup azərbaycanlı jurnalistlə görüşdə bildirib.
Onun sözlərinə görə, Polşa Cənubi Qafqaz regionunda mürəkkəb vəziyyəti nəzərə alaraq buradakı respublikalarla münasibətlərin dinamik inkişafına çalışır.
“Biz Qərb standartlarına uyğun olaraq müdafiə sahəsində islahatların həyata keçirilməsinin tərəfdarıyıq (Cənubi Qafqaz ölkələrində - İF-Az). Biz, əlbəttə ki, hər bir ölkənin özünə xas xüsusiyyətinin olduğunu anlayırıq, lakin Cənubi Qafqazın hər üç ölkəsi ilə bu əməkdaşlığı NATO formatında əməkdaşlıqla birləşdirməyə çalışırıq. Həmin əməkdaşlıq üzv ölkələrin tərəfdaşlarla qarşılıqlı əlaqələrinin əsas çoxtərəfli forumudur”, - deyə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
O qeyd edib ki, Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramının da iştirakçısıdır “və alyansla əməkdaşlıq çərçivəsində Azərbaycanın vəzifələrini nəzərə alaraq biz ölkənizin hansı prioritetlərə malik olduğunu görməyə çalışır və əməkdaşlığımızı NATO forumunda həyata keçirilən məqsədlərə uyğunlaşdırırıq”. Onun sözlərinə görə, Polşa tərəfi bu əməkdaşlıqda əsas diqqəti hərbi təhsil və təlimlərə yönəldir.
“Biz təhsil, xüsusilə Polşa Hərbi Akademiyasında təhsil sahəsində bir sıra konkret təkliflər irəli sürürük. Azərbaycanın nümayəndə heyəti bizim hərbi təhsil sistemini öyrənmək məqsədilə akademiyada olub. Biz Azərbaycanla əməkdaşlıq üçün açığıq. İstərdik ki, bu əməkdaşlıq dinamik olsun və Azərbaycan tərəfinə fayda gətirsin”, - deyə K.Frıdrıx vurğulayıb.