Vergilər Nazirliyi indiyədək vergi ödəyicilərindən “Vergi partnyorluğu sazişi”nin imzalanmasına dair 1 minə yaxın müraciət alıb. Bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov məlumat verib.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi 2013-cü ildə vergi ödəyiciləri ilə “Vergi partnyorluğu sazişi”nin imzalanmasına başlayıb.
“İndiyədək vergi orqanlarına bu sazişin imzalanmasına dair 1 minə yaxın müraciət daxil olub. Müraciətlərin təxminən 78%-i müsbət qiymətləndirilib və vergi ödəyiciləri ilə müvafiq sazişlər imzalanıb”, - deyə N.Əmirov “Respublika” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu cür sazişlərin imzalanması ilə bağlı cari vəziyyət Vergilər Nazirliyini tam qane edir. “Lakin biz əldə etdiklərimizlə kifayətlənmək niyyətində deyilik. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsini davam etdirəcəyik”, - deyə o qeyd edib.
“Vergi partnyorluğu sazişi” bir il müddətinə imzalanır.
Sazişin məqsədləri bunlardır: sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla onun inkişafını stimullaşdırmaq; əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək; müasir idarəetmə alətləri tətbiq etməklə biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək; vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək; ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq; vergi risklərini minimallaşdırmaq.
Sazişin bağlanılması zamanı ilkin olaraq vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və vaxtında icra edən, alqı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə üstünlük verilir.
Sazişin bağlanması üçün vergi ödəyicisi tərəfindən könüllülük prinsipi əsasında Vergilər Nazirliyinin “Vergi partnyorluğu sazişinin bağlanması üçün Ərizə” forması ilə vergi orqanına müraciət edilir, daxil olmuş müraciətə 15 gün müddətində baxılır.
Nazirlər Kabineti 2013-cü ilin iyul ayında “Vergi partnyorluğu sazişi”nin bağlanma forması və qaydalarını təsdiq edib.
2012-ci ilin dekabrında Vergi Məcəlləsinə düzəlişlər təsdiq edilib. Düzəlişlərin bir bəndinə əsasən, vergi orqanları və vergi ödəyiciləri arasında tərəfdaşlığa dair sazişin bağlanması mümkündür.