Azərbaycan və Tacikistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sirociddin Aslov cümə axşamı Bakıda “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Tacikistan Respublikası Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq proqramı” imzalayıblar. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Ölkələr arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə edən tərəflər əməkdaşlığın dinamik surətdə inkişaf etdiyini vurğulayıblar.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında nümayiş etdirdiyi mövqeyə görə rəsmi Düşənbəyə təşəkkür edib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində, siyasi, iqtisadi, nəqliyyat, təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Bundan başqa, ölkələrin malik olduğu potensiala uyğun olaraq ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb.