2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları bu sahədə yeni standartları müəyyən edəcək. Bu barədə Azərbaycanın birinci xanımı, Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bəyan edib.
“Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir”, - deyə M.Əliyeva cümə axşamı “Bakı-2015 Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısında vurğulayıb. Bu barədə rəsmi mətbuat məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda istifadə olunan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradır.
“Su İdmanı Növləri Sarayının, Milli Gimnastika Arenasının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən xəbər verir”, - deyə M.Əliyeva vurğulayıb.
Azərbaycanın birinci xanımı qeyd edib ki, Milli Gimnastika Arenası demək olar ki, artıq hazırdır.
“Biz bu ilin iyununda orada bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsini nəzərdə tuturuq”, - deyə o bildirib.
Onun sözlərinə görə, bütün idman obyektləri, orada quraşdırılan qurğular sınaqdan keçirildikdən və istismara tam hazır olduğu müəyyənləşdirildikdən sonra istifadəyə veriləcək.
“Dövlətimiz bu oyunların hazırlanmasına olduqca diqqət edir. Xalqımız, xüsusilə də paytaxt sakinləri və Azərbaycanın idman ictimaiyyəti bu oyunlara hazırlıq işlərini həvəslə izləyir. İnanıram ki, məhz bu dəstək bizə faydalı olacaq. Biz əlimizdən gələni edəcəyik ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları bu sahədə yeni standart olsun”, - deyə Azərbaycanın birinci xanımı vurğulayıb.
M.Əliyeva, həmçinin Patrik Hikkini yenidən Avropa Olimpiya Komitəsinin prezidenti seçilməsi münasibətilə təbrik edib, bunun beynəlxalq idman ictimaiyyəti tərəfindən onun fəaliyyətinə verilən yüksək qiymət olduğunu deyib.
“Bizim Avropa Olimpiya Komitəsi ilə qarşılıqlı işbirliyimiz möhkəm təməl üzərində qurulub”, - deyə Təşkilat Komitəsinin sədri bildirib və Azərbaycanın dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi etdiyini vurğulayıb.
P.Hikki, öz növbəsində oyunlara hazırlıqla bağlı həyata keçirilən işləri yüksək qiymətləndirib.
AOK-nın prezidenti tarixi əhəmiyyəti ilə diqqət çəkən bu oyunların 2016-cı ildə Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olduğunu da diqqətə çatdırıb.
Əlaqələndirmə Komitəsinin sədri, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos qısa müddətdə oyunlara hazırlıqla bağlı bir çox uğurların əldə edildiyini bildirib.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarından əvvəl Bakıda bir neçə beynəlxalq yarışların keçiriləcəyini və bunun sınaq baxımından əhəmiyyətli olduğunu deyib.
Bakı Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş icraçı direktoru Cim Şerr Avropa Oyunlarında Rio Olimpiadasına 8 idman növü üzrə lisenziyaların veriləcəyini qeyd edib. O bildirib ki, məhz bu amil Bakı Avropa Oyunlarının əhəmiyyətini daha da artırır.
Birinci Avropa Olimpiya Oyunları 2015-ci il iyunun 12-dən 28-nə qədər Bakıda keçiriləcək. Oyunlarda Avropanın 49 ölkəsindən 6,5 minə yaxın idmançı 19 idman növü üzrə mübarizə aparacaq.