İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin sədri Mohammad Al-Sqour Bakı və Əmman arasında iqtisadiyyat, turizm və səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Rəsmi mətbuatın məlumatına görə, Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovla keçirilən görüşdə M.Al-Sqour iki dövlət arasında siyasi və hərbi sahədə münasibətlərin səviyyəsini yüksək qiymətləndirib.
Komitə sədri regionda baş verən “ərəb baharı”nın yaratdığı fəsadların İordaniyadan da yan keçmədiyini vurğulayaraq, bunun ölkənin iqtisadi və sosial həyatına böyük zərbə vurduğunu qeyd edib.
S.Ağabəyov İordaniya Haşimilər Krallığı Senatında yaradılmış Qardaşlıq Komitəsinin ölkələr arasındakı əlaqələrin inkişafına dəstək olacağını bildirib və Azərbaycanın Əmmandakı səfirliyinin bu istiqamətdə həyata keçirdiyi işlər barədə məlumat verib.
Səfir həm ikitərəfli, həm də beynəlxalq formatda baş tutan tədbirlərdə ənənəvi olaraq hər iki ölkənin yüksək vəzifəli məmurlarının iştirak etdiyini bildirib və cari il aprelin 27-dən 29-dək Bakıda keçiriləcək II Cənubi Qafqaz Forumuna İordaniyadan böyük nümayəndə heyətinin qatılacağını deyib.
2013-cü ilin iyun ayında İordaniya Senatı tərəfindən Xocalı soyqırımının tanınması haqqında bəyanatın verilməsini böyük məmnunluqla xatırladan diplomat, bu sənədin qəbulunda fəallıq göstərmiş deputatlara ölkəmiz adından dərin minnətdarlığını bildirib.