Azərbaycan prezidenti İlham Əliyev “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub. Bu barədə rəsmi mətbuatda məlumat verilib.
Belə ki, prezident “HOREX Caucasus 2014” VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi ilə tanış olub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, bu il sərgidə 38 ölkədən 351 şirkət və təşkilat təmsil olunur. Sərgi iştirakçılarının 60%-dən çoxunu xarici, 40%-ni isə yerli şirkətlər təşkil edir.
Bundan başqa, sərgidə öz ölkələrinin milli turizm agentlikləri və səfirliklərinin rəsmi dəstəyi ilə Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Rusiya, Tailand, Türkiyə, Fransa, Monteneqro və Çex Respublikasından 24 milli və regional qrup iştirak edir.
Prezidentə məlumat verilib ki, tədbirdə 80-dən çox turizm marşrutu nümayiş olunur.
Sərgidə turizmin daha bir istiqaməti - tibbi turizm nümayiş etdirilib. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər, özəl və dövlət klinikaları, eləcə də Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin diaqnostika mərkəzləri daxildir. Azərbaycan sanatoriyalarının nümayiş olunduğu pavilyonda Naftalan neftinin müalicəvi xassələri sərgiyə gələnlərin diqqətini daha çox cəlb edib.
Bundan başqa, Azərbaycan regionlarda eko-turizmin müxtəlif istiqamətlərini əks etdirən pavilyonlarla təmsil olunub.
Beynəlxalq turizm sərgisi hər il 3-5 aprel tarixlərində Bakıda keçirilir.