İyunun 20-də Bolqarıstanın Sofiya şəhərində Qara dəniz hövzəsi ölkələrinin sahibkarları üçün regional biznes forum keçiriləcək. Bu barədə Qara Dəniz Ticarət və İnkişaf Bankının saytında məlumat verilir.
Biznes forum Bolqarıstanın paytaxtında keçiriləcək səhmdarların illik ümumi iclası çərçivəsində təşkil olunacaq.
“Yüksək vəzifəli şəxslər, müəssisə rəhbərləri, maliyyə institutlarının nümayəndələri Qara dəniz regionunda transsərhəd investisiya qoyuluşları imkanlarına dair fikir mübadiləsi aparacaqlar. Bundan başqa, forum sahibkarlar və investorlar üçün QDTİB və digər maliyyə institutları ilə işgüzar təklifləri müzakirə etmək üçün çox yaxşı imkanlar yaradır”, - deyə məlumatda qeyd olunur.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir.