“Global Finance” jurnalı Azərbaycan Beynəlxalq Bankını (ABB) ölkənin ən yaxşı bankı seçib. Bu barədə ABB-nin məlumatında deyilir.
Qaliblər beynəlxalq şirkət və korporasiyaların ali rəhbərliyinin iştirakı ilə “Global Finance” redaksiyasının üzvlərindən, bank və maliyyə məsləhətçilərindən ibarət komissiya tərəfindən müəyyən olunub.
Aktivlərin artması, gəlir, strateji inkişaf, müştərilərə xidmət, rəqabət üstünlükləri və innovasiya layihələri kimi maliyyə və iqtisadi göstəricilər qaliblərin seçimi üçün əsas meyarlar olub.
Məlumatda qeyd olunur ki, ABB-nin göstəriciləri 2013-cü ilin yekunlarına görə ötən illərin rəqəmlərini əhəmiyyətli dərəcədə geridə qoyub. 2013-cü ildə ABB-nin aktivləri 21,7% artıb və 2014-cü il yanvarın 1-nə 7 mlrd. 172 mln. manata çatıb, kredit portfeli 30,5% - 5 mlrd. 33 mln. manatadək, əhalinin əmanətləri 22,2% - 1 mlrd. 613 mln. manatadək artıb.
“Global Finance” jurnalı 1987-ci ildən nəşr olunur. Dünyanın 163 ölkəsində oxunan jurnalın tirajı 50 min nüsxədən çoxdur. Jurnalın baş ofisi Vaşinqtonda yerləşir. London, Rio-de-Janeyro və Milanda isə ofisləri fəaliyyət göstərir.
1992-ci ildə yaradılmış ABB Azərbaycanın ən iri bankıdır. Hazırda bankın kapitalında 50,2% dövlətə, 49,8% özəl səhmdarlara məxsusdur.