Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brassör Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə dialoqun davam etdirilməsini zəruri hesab edir.
“Mən bu parlament diplomatiyasını davam etdirməyə cəhd etdim, çünki çox ciddi bir münaqişə mövcuddur və davam edir”, - deyə A.Brassör bazar ertəsi Strasburqda öz işinə başlayan AŞPA-nın yaz sessiyası çərçivəsində keçirilən ənənəvi mətbuat konfransında bəyan edib.
Rəsmi mətbuatın məlumatına görə, o, münaqişənin nizamlanması məqsədilə danışıqların davam etdirilməsi üçün istənilən mövcud imkandan istifadənin zəruriliyini qeyd edib.
“Buna görə mən AŞPA-nın əvvəlki sədrlərinin ənənəsini davam etdirməyə çalışacağam. Həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini öz kabinetimə dəvət edəcəyəm. Bu işi davam etdirəcəyəm və onları birgə görüşlər keçirməyə inandıracağam. Dialoqu davam etdirmək lazımdır. AŞPA-nın bu sessiyasında ortaq məxrəcə gəlmək, hansı formada görüşmək və bu müzakirələri hansı əsaslar üzərində davam etdirmək üçün hər iki nümayəndə heyətinin rəhbərləri ilə fərdi şəkildə əlaqə quracağam”, - deyə A.Brassör vurğulayıb.