Dərs ilinin artırılması məktəb proqramını əhəmiyyətli dərəcədə yüngülləşdirəcək. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
“Yaxın vaxtlarda məktəb müəllimləri və nazirliyin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək. Tədbirdə dərs ilinin sentyabr və ya iyun ayları hesabına uzadılması məsələsi həll olunacaq”, - deyə C.Valehov bildirib.
Onun sözlərinə görə, nazirliyin məqsədi yay tətilində 100 gündən artıq müddət ərzində tədris prosesindən kənar qalan şagirdlərin təhsildən uzun müddət uzaq düşməsinin qarşısını almaqdır.
“Dərs ili müddətinin artırılmasında əsas məqsəd məktəb proqramının yüngülləşdirilməsidir”, - deyə o söyləyib və əlavə edib ki, tədris ilinin 32 həftədən 38 həftəyədək artırılması müqabilində dərs yükü avtomatik olaraq azalacaq.
Nazirliyin nümayəndəsi qeyd edib ki, bu qərar şagirdlərin fiziki sağlamlığına da müsbət təsir göstərəcək.