İordaniya Haşimilər Krallığı Senatının sədri Abdur-Rauf Ravabdeh aprelin sonunda Azərbaycana səfər edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Səfərin məqsədi aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməkdir.
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur.
Bu barədə razılıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrinin Senatın sədri ilə Əmmanda keçirilmiş görüşü zamanı əldə olunub.
Abdur-Rauf Ravabdeh forumda iştirak üçün dəvəti qəbul edərək Azərbaycana səfər edəcəyini bildirib.
Görüşdə Azərbaycan ilə İordaniya Krallığı arasındakı tarixi dostluq münasibətlərinin mövcudluğu xüsusi vurğulanıb və İordaniya Senatında Xocalı soyqırımının qəbul olunmasının böyük əhəmiyyət daşıdığı qeyd olunub.
II Qlobal Müştərək Cəmiyyətlər Forumunda İordaniya şahzadəsi, əlahəzrət Basma bin Talat da iştirak edəcək. Basma bin Talat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mədəniyyətlər və xalqlar arasında dialoq və anlaşmanın təbliğindəki rolunu yüksək qiymətləndirib.
Forumda 200-dək ölkənin sabiq hökumət və dövlət başçıları, nüfuzlu siyasi xadimlər, beynəlxalq qurumların təmsilçiləri iştirak edəcəklər.
Tədbir 2013-cü ilin may ayında Bakıda keçirilən I Cənubi Qafqaz Forumunun davamıdır.