Prezident İlham Əliyev çərşənbə axşamı Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Muxtar respublikanın hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycandakı diplomatik korpusun, Naxçıvan ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə İ.Əliyev geniş nitq söyləyib.
Prezidentin 2014-cü il 5 aprel tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə görə muxtar respublikanın bir qrup ziyalısı müxtəlif orden və medallara, fəxri adlara layiq görülüb. Dövlət başçısı həmin mükafatları sahiblərinə təqdim edib
Dövlət başçısı tədbir iştirakçılarını Naxçıvan Muxtar Respublikasının yubileyi münasibətilə təbrik edib.
Yubiley mərasiminin rəsmi hissəsindən sonra Naxçıvan Muxtar Respublikasının incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olunub.