ABŞ-ın vitse-prezidenti Co Bayden Vaşinqtonda Monteneqronun baş naziri Milo Cukanoviçlə Ukraynadakı vəziyyəti müzakirə edib. Bu barədə Ağ Evdən məlumat verilib.
Danışıqlar zamanı tərəflər “Balkan ölkələrində vəziyyətə, həmçinin Rusiyanın Ukraynaya təzyiqi məsələlərinə toxunublar”, - deyə məlumatda qeyd olunur.
Vitse-prezident NATO-ya daxil olmaq sahəsində Monteneqronun əldə etdiyi “irəliləyişi alqışlayıb” və Avropa dövlətləri ilə daha sıx əlaqə qurmaq səylərini dəstəkləyib.
Ağ Evin məlumatına əsasən, C.Bayden Slovakiyanın baş naziri Robert Fiko ilə də telefon danışığı zamanı Ukrayna mövzusuna toxunub.
Liderlər Ukraynanın suverenliyinin Rusiya tərəfindən pozulması məsələsini və Ukraynada keçiriləcək seçkiləri müzakirə ediblər.
C.Bayden “enerji mənbələrinin diversifikasiyası sahəsində Ukraynaya göstərdiyi yardıma görə Slovakiyaya minnətdarlığını bildirib”. Qərbin fikrincə, bu cür tədbirlər Avropanın Rusiya qazının tədarükündən asılılığını azaltmağa imkan verəcək.