Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məşhur rusiyalı opera sənətçisi Anna Netrebko və tanınmış azərbaycanlı tenor, İtaliyanın Milan şəhərində yaşayan və yaradıcılıq fəaliyyəti göstərən Yusif Eyvazov ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilir.
Nazir onların yaradıcılığı ilə maraqlanıb, Y.Eyvazovun dünya opera sənətinin mərkəzi olan İtaliyada fəaliyyətini yüksək qiymətləndirib.
Hər iki sənətçi xoş sözlərə görə minnətdarlıq edərək bu yaxınlarda Roma səhnəsində birgə çıxış etdikləri Cakomo Puççininin "Manon Lesko" operası haqqında nazirə məlumat veriblər. Operada Y.Eyvazov kavaler de Grie (Des Grieux) partiyasını, A.Netrebko isə Manon Lesko partiyasını ifa edib.
Görüşdə qeyd ounub ki, tamaşanı İtaliya prezidenti Ciorcio Napolitano, Roma şəhərinin meri İqnazio Marino, diplomatik nümayəndəliklərin təmsilçiləri izləyiblər.
Sənətçilər Azərbaycanın incəsənət xadimləri ilə də bir sıra görüşlər keçiriblər.