Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) 2014-cü ildə təxminən 300 milli standartın təsdiqi və tətbiqini planlaşdırır. Bu barədə SMPDK-nın sədri Ramiz Həsənov çərşənbə günü jurnalistlərə Xəzər-Avropa Klubunun (CEİBC) iclası ərəfəsində məlumat verib.
“Bizim Standartlaşdırma İnstitutunun standartların hazırlanmasına dair öz proqramı var. Bundan başqa, Azərbaycan prezidenti 2014-cü ili “Sənaye ili” elan edib və bununla əlaqədar Dövlət Proqramı hazırlanıb. Həmin proqramda bizim üzərimizə standartların təsdiqi və tətbiqinə dair müəyyən vəzifələr qoyulub”, - deyə R.Həsənov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, 2014-cü ilin mart ayında Sumqayıt Texnologiyalar Parkının bazasında artıq fəaliyyətə başlayan texniki komitə yaradılıb.
“Bu il biz sənaye, qida, neft-kimya, energetika və digər sahələrdə 300-ə yaxın milli standart qəbul və tətbiq etməyi planlaşdırırıq”, - deyə R.Həsənov qeyd edib.
CEIBC 2002-ci ilin iyun ayında “Caspian Energy International Media Group”un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Prezident İlham Əliyev CEIBC-nin sədridir. Klub dünyanın 50 ölkəsindən 500-dən artıq şirkəti birləşdirir.