“Abşeron yarımadasında neftlə çirklənmiş landşaftların ekogeokimyəvi xüsusiyyətləri və onların yaxşılaşdırılması yolları” qrant layihəsi başa çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Layihə elmi tədqiqatları maliyyələşdirən ARDNŞ-in nəzdində olan Elm Fondunun dəstəyi ilə AMEA Coğrafiya İnstitutu tərəfindən həyata keçirilib.
İnstitutun əməkdaşları layihə çərçivəsində Abşeron yarımadasının ən çox neftə çirklənmiş Balaxanı, Sabunçu və Ramana ərazilərinə bir neçə ekspedisiya təşkil ediblər.
Sahə xəritələşdirilməsi nəticəsində bir neçə xəritə GİS texnologiyaları vasitəsilə tərtib olunub.
İlk dəfə Abşeron yarımadasında 24 müxtəlif ərazidən əldə edilmiş torpaq, su, bitki, ana dağ süxurları və dib çöküntülərinin mikroelement tərkibi təhlil olunub və nəticələrin məlumat bazası yaradılıb.
Onların əsasında elementlərin konsentrasiya klarkları, bitkilər üçün isə bioloji udulma əmsalı hesablanıb.
Hesablamalar nəticəsində hər bir konkret sahə üzrə defisit, ya da izafi olan elementlər təyin edilib.