Bakı polisi poçt şöbəsini qarət etməkdə şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları Lənkəran rayon sakini İbrahim Miriyevi saxlayıblar.
İstintaq zamanı müəyyən olunub ki, yanvarın 8-nə keçən gecə İ.Miriyev Bakının Qaraçuxur qəsəbəsində yerləşən 67 saylı poçt şöbəsinə qanunsuz daxil olaraq, oradan içərisində markalar, internet və telefon kartlarının olduğu seyfi oğurlayıb.
Bundan başqa, məlum olub ki, saxlanılan şəxs sərnişin avtobusunda paytaxt sakini Fərid Quliyevdən içərisində 100 manat və şəxsi sənədlərin olduğu pul kisəsini oğurlayıb.
Faktla bağlı cinayət işi açılıb.