“AccessBank”da əhalinin əmanətləri $350 mln. təşkil edir. Bu barədə bankın İdarə Heyətinin sədr müavini Anar Həsənov çərşənbə günü mətbuat konfransında məlumat verib.
““AccessBank” əhalidən cəlb edilmiş əmanətlər üzrə portfeli artırmaqda davam edir, onun həcmi $350 mln.-a bərabərdir. Bazarın bu seqmentində bizim mövqelərimiz möhkəmlənir”, - deyə A.Həsənov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, diqqətəlayiq faktdır ki, son illər əhalinin əmanətlərinin strukturunda milli valyutada qoyulmuş əmanətlərin xüsusi çəkisi artır. “Bu gün əhalinin milli valyutada qoyulmuş əmanətlərinin xüsusi çəkisi 70%-i ötür”, - deyə o əlavə edib.
Bankın İdarə Heyətinin sədr müavini Şakir Rəhimov mətbuat konfransında qeyd edib ki, “AccessBank” hər il biznes kreditlərinin dərəcələrini azaldır. “2014-cü ildə belə kreditlər üzrə dərəcələr 2013-cü illə müqayisədə 3-4 faiz bəndi azalıb”, - deyə o qeyd edib.
“AccessBank” 2002-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın KfW bankı, Access Holding və LFS Financial Systems GmbH şirkətləridir.