Çərşənbə günü Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhani arasında keçirilən danışıqların mövzularından biri Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı olub.
“Hər iki tərəf bu qənaətdədir ki, bu məsələdə yekun qərarın qəbul olunması üçün bizi uzaq yol gözləmir”, - deyə H.Ruhani Azərbaycan prezidenti ilə mətbuata birgə bəyanatla çıxışında qeyd edib.
“Biz beynəlxalq platformada əməkdaşlıqla bağlı oxşar fikirdəyik. O cümlədən bizim İslama və məzhəbə baxışlarımız eynidir. Hər ikimiz İslam dinindən radikal hərəkətlərdə vasitə kimi istifadə olunmasına mənfi yanaşırıq. Bizim regionumuzda sabitliyin qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa bir yolumuz yoxdur”, - deyə o vurğulayıb.
H.Ruhani, həmçinin qeyd edib ki, Azərbaycan prezidenti danışıqlarda İran İslam Respublikasının sülhməramlı nüvə texnologiyasından istifadə hüququnu dəstəklədiyini bəyan edib.