“Life Division” MMC Azərbaycanda aktivlərin idarəedilməsi üzrə qanunsuz fəaliyyətlə məşğul olub. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) məlumatında bildirilir.
QKDK tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində Britaniyada hüquqi şəxs kimi qeydiyyatdan keçmiş “İnnovative İnternational Group Ltd” holdinq qrupuna daxil olan “Life Division” MMC-nin Azərbaycan Respublikasındakı filialının müvafiq lisenziya almadan aktivlərin idarəedilməsi fəaliyyəti üzrə xidmətlər təklif etməsi müəyyən olunub.
“QKDK “Life Division” MMC-yə aktivlərin idarəedilməsi üzrə qanunsuz fəaliyyətin dayandırılması barədə göstəriş verib. Şirkət, öz növbəsində 8 aprel tarixindən etibarən həmin fəaliyyətin dayandırıldığını bildirib”, - deyə məlumatda qeyd edilir.
Azərbaycanda yalnız "İnvest Az Asset Management" şirkəti aktivlərin idarəedilməsi fəaliyyəti üçün lisenziyaya malikdir.