Bu gün sığorta iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən biridir. Bununla yanaşı, son bir neçə ildə bu sektorda mühüm dəyişikliklər baş verib. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi müsahibəsində sığorta bazarında cari vəziyyət, bazarın tendensiya və perspektivləri barədə danışıb.
-Siz Azərbaycanın sığorta bazarındakı cari vəziyyəti və bazarın 2014-cü il üçün perspektivlərini necə qiymətləndirirsiniz?
-Bu gün bazarda tendensiyalar belədir ki, əgər hər hansı böhran və ya digər gözlənilməyən vəziyyət yaranmasa, bazarın artımı 16-20% təşkil edəcək. İlin əvvəlində bazarda mühüm dəyişikliklər müşahidə olunub və bu, əhaliyə istehlak kreditlərinin verilmə şərtlərinin sərtləşdirilməsi ilə əlaqədar olub. Bu, bilavasitə sığorta sektoruna da təsir göstərdi. Məsələn, bu şəraitdə vətəndaşlar avtomobillərini dəyişdirməkdə və yeni avtonəqliyyat vasitələri almaqda çox fəallıq göstərmədilər. Adətən yeni avtomobil alanda köhnəsini satırlar. Bu o deməkdir ki, bir qayda olaraq alqı-satqı üzrə iki sövdələşmə aparılır və hər belə sövdələşmə zamanı sığorta məsələsi ortaya çıxır. Bununla da sığortaçıların əldə etdikləri sığorta haqları artırdı. Lakin indi bu proses bir qədər zəifləyib ki, bu da könüllü sığorta bazarının azalmasına gətirib çıxarıb.
Biz 2014-cü ilin yekunları üzrə nə gözləyirik? Avtomobil sığortasının məhdudlaşması ilə bağlı vəziyyət mənim fikrimcə, banklar kimi, sığorta bazarı üçün də müəyyən mənada şok oldu. Çünki bazarda hadisələrin belə inkişafı gözlənilmirdi. Bu gün bazar bu şokdan sonra tədricən özünə gəlir. Hesab edirəm ki, sığorta şirkətləri belə şəraitdə tədricən könüllü sığorta növlərini inkişaf etdirəcək, sadəcə olaraq onların başqa variantı qalmır. Sığorta məhsulları satılmalıdır. Bunu bankların vasitəsi ilə eləmək mümkün deyilsə, başqa yollar axtarmaq lazımdır. Könüllü sığorta bazarının inkişafı, öz növbəsində sığorta məhsullarının sayının artmasına səbəb olacaq.
Bundan başqa, növbəti mərhələdə biz bunun sığorta bazarında rəqabətin artmasına gətirib çıxaracağını və nəticədə bazarda 4-5 yeni sığorta məhsulunun meydana çıxacağını gözləyirik. Bu, ilk növbədə İcbari Sığorta Bürosunun (İSB) üzvü olmayan sığorta şirkətlərinə aiddir.
2014-cü ildə sığortanın hər hansı bir növü üzrə sığorta haqlarında əhəmiyyətli artım gözlənilmir. Son zamanlar fəal inkişaf edən həyat sığortası bazarından gözləntilərimiz çoxdur. Bu tendensiyanın cari ildə də saxlanması ehtimalı yüksəkdir. Əmlak sığortası bazarında tendensiya bir qədər fərqlidir. Ən əvvəl bu, biznes əmlaka aiddir. Son bir neçə ayda biz müxtəlif ticarət mərkəzlərində bir neçə böyük yanğının şahidi olduq. Bundan sonra zəng vurub sığorta ilə maraqlanmağa başladılar, çünki yanğın riski yüksəkdir və belə hallar tez-tez baş verir. Bu, iri ticarət mərkəzlərinin sahiblərini risklər və onların nəticələri, sığorta mexanizmi vasitəsi ilə müdafiə olunmaq haqqında düşünməyə vadar edir.
2011-ci ildə Azərbaycanda “İcbari sığortalar haqqında” qanun qüvvəyə mindi ki, bu da dörd sığorta növünə şamil edilir. Lakin 2012-2013-cü illərdə yalnız avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası daha çox inkişaf etdi. Bu nə ilə əlaqədardır?
-İstənilən ölkədə, ilk növbədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası daha yaxşı işləməyə başlayır. Sığorta hadisələri ən çox harada baş verir? Sığorta hadisəsi riskinin yüksək olduğu yollarda. Əgər mənzillərdə yanğınlarla bağlı statistikaya nəzər salsaq, görərik ki, il ərzində bu yanğınlarla bağlı baş verən sığorta hadisələrinin sayı bir gündə avtomobillər üzrə baş verən sığorta hadisələrinin sayına bərabərdir.
Bundan başqa, unutmaq olmaz ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuyliyyətinin icbari sığortası üzrə inzibati rıçaq mövcuddur, polis istənilən vaxt sürücünü saxlaya və onun bu növ üzrə sığortasının olub-olmamasını yoxlaya bilər. Mənzil sığortası üzrə belə bir inzibati rıçaq yoxdur. Yalnız notariusda hər hansı sənədin və ya mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi zamanı sığorta tələb oluna bilər.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının məsələn, 2014-cü ilin yanvar-fevral aylarında azalması bankların avtomobil krediti üzrə şərtləri sərtləşdirməsi ilə əlaqədardır. Kreditləşmə şərtlərinin sərtləşməsi avtomobil satışının azalmasına və müvafiq olaraq sığorta üzrə bağlanan müqavilələrin sayının azalmasına gətirib çıxarır. Bazarda vəziyyətin normallaşması üçün vaxt lazımdır. Prinsip etibarı ilə lizinqin genişləndirilməsi hesabına bu vəziyyəti normallaşdırmaq mümkün olacaq. Bu, həmin sığorta növü üzrə sığorta haqlarının azalmasının birinci səbəbi budur. İkinci səbəb texniki baxış qaydalarının dəyişdirilməsi hesabına inzibati rıçağın azaldılmasıdır. Lakin bununla belə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilələrin sayında kəskin azalma müşahidə etmirik. Əksinə, 2014-cü ilin mart ayında sığorta şəhadətnamələrinin satış sayı artıb ki, bu da sevindirici amildir və sığorta agentlərinin işinin fəallaşdığını göstərir.
Bu gün Azərbaycanda avtonəqliyyat vasitələrinin 80%-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanıb. Ötən il bu sığorta növü üzrə 23 mln. manat ödəniş həyata keçirilib ki, bu da kifayət qədər böyük məbləğdir. 2014-cü ildə biz bu sığorta növü üzrə ödənişlərin artımını gözləyirik, onların həcmi ən azı 27-28 mln. manat təşkil edəcək. 2015-2016-cı illərdə də bu sığorta növü üzrə ödənişlər artacaq. Çünki bütün dünyada bu sığorta növünün gəlirli sahə olmadığı hesab olunur. Bu gün Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik 50% təşkil edir.
Əmlakın icbari sığortasına gəlincə, biz Türkiyənin təcrübəsini öyrəndik. Orada DASK (Dogal Afet Sigortalari Kurumu) – yaşayış və kommersiya təyinatlı daşınmaz əmlakın təbii fəlakətlərdən icbari sığortası sistemi mövcuddur. Bu sistem 1999-cu ildə yaradılıb və bu gün Türkiyədə əmlakın 36%-i fəlakət risklərindən sığortalanıb. Türkiyədə bu sığorta növü könüllüdür.
Ola bilsin ki, Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsinə, müxtəlf zonalaradan asılı olaraq risk meyarının qiymətləndirilməsi əsasında əmlakın sığortalanması sisteminin tətbiqinə ehtiyac var. Bu istiqamətdə Dünya Bankı ilə müəyyən məsləhətləşmələr aparılır. Məsələn, Kür ovalığı rayonlarında sel problemi aktualdır, lakin Bakı və Abşeronda bu məsələ aktuallıq kəsb etmir. Dağlıq rayonlarda zəlzələ və ya qar, Bakı üçün isə məsələn, zəlzələ təhlükəsi aktualdır. Buna görə də onlar regiondan asılı olaraq risk differensiasiyası tətbiq etməyi və buna əsasən tariflər müəyyən etməyi təklif edirlər. Başqa variantlar da var. Lakin istənilən halda qanunvericiliyə müəyyən düzəlişlər ediləcək.
Türkiyənin təcrübəsinə qayıdaraq deyə bilərəm ki, təbii fəlakətlərdən sığortalanma puldur və bütün şirkətlər öz risklərini DASK-a verərək əvəzində müəyyən komissiya haqqı alırlar. Sabah hər hansı fəlakət və ya sığorta hadisəsi baş verərsə, sığorta şirkəti deyil, arxasında dövlətin dayandığı pul məsuliyyət daşıyır. Bu modelin Azərbaycan üçün nə dərəcədə real olmasını söyləmək çətindir, lakin bu, müzakirə mövzusudur. Yalnız onu əlavə edim ki, DASK-ın sərəncamında olan vəsaitlər $1,5 mlrd. təşkil edir və ildən-ilə artır.
İcbari əmlak sığortası arxasında hər yerdə fəlakət riskləri var. Bu gün bu problem Qazaxıstan üçün də aktualdır. Lakin onlar hələ ki, modeli müəyyənləşdirməyiblər. Bu, büdcə vəsaitlərinin məqsədli araşdırılması nöqteyi-nəzərindən də vacibdir, çünki postsovet məkanında belə qəbul olunub ki, sığorta hadisəsi baş verərkən hər kəs dövlətdən dəstək gözləyir. Qərbdə bu belə deyil. Orada hər kəs özü sığorta haqqında düşünməlidir, bu isə artıq sığorta mədəniyyəti məsələsidir.
Assosiasiyanın fəlakət riskləri üzrə pulun yaradılmasına dair üzrə müəyyən təklifləri var. Bu təklifin müzakirəsi hansı mərhələdədir?
Azərbaycanda sığorta şirkətlərinin fəlakət riskləri üzrə pulun yaradılmasına maraqları var. Hər halda İSB üzvü olan sığorta şirkətləri bunda maraqlıdırlar. Burda əsas məsələ modelin işlənib hazırlanması, operator seçimidir ki, bu da Azərbaycanda yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” şirkəti ola bilər. Belə olan halda haqsız rəqabətdən qaçmaq mümkün olacaq. Hələ ki, bu variant ətrafında danışıqlar aparılır, lakin istənilən halda qanunvericiliyə dəyişikliklər edilməsi lazımdır. Maliyyə Nazirliyi bu istiqamətdə fəaliyyətimizi dəstəkləyir.
Azərbaycanda həyat sığortasının potensialını necə qiymətləndirirsiniz?
Həyat sığortası bazarı, ən başlıcası da həyatın yığım sığortası bazarı artır. 2013-cü ildə biz bu sığorta növü üzrə sığorta haqlarının kəskin artmasına şahid olduq. Eyni prosesi 2014-cü ilin yanvar-fevral aylarında da müşahidə etmək olar. Əgər 2013-cü ilin ilk iki ayında sığortaçıların həyatın yığım sığortası üzrə əldə etdikləri sığorta haqları 9,8 mln. manat təşkil edibsə, 2014-cü ilin yanvar-fevral aylarında bu göstərici 15,3 mln. manata bərabər olub. Başqa sözlə, sığorta haqlarının artımı 56,1% təşkil edib.
Bütün dünyada həyatın yığım sığortası özünəməxsus lokomotiv hesab edilir, belə ki, yaxşı vergi güzəştləri, investisiyalar üçün əlverişli şərtlər var. Bu, pulu banka depozit kimi qoymaqdan sərfəlidir. Bundan başqa, əgər pulu banka qoysan, nəzərə almaq lazımdır ki, bank üzərinə heç bir risk götürmür, həyatın yığım sığortasında isə sığorta şirkəti müştərinin həyatı ilə bağlı müəyyən riskləri öz üzərinə götürür.
Artıq qeyd etdiyim kimi, 2014-cü ildə biz sığortaçıların həyatın yığım sığortası üzrə sığorta haqlarının artmasını gözləyirik. Bundan başqa, ASA-nın həyat sığortasının inkişaf etdirilməsi üzrə müəyyən planları var, biz bu gün Rumıniya modelini öyrənirik. Məsələn, Assosiasiya həyatın yığım sığortası üzrə məhsulların satış modellərini bizim sığorta şirkətləri ilə bölüşməsi üçün Rumıniyadan ekspert dəvət edə bilər. Rumıniyada bu sığorta növü 2000-2001-ci illərdə inkişaf etməyə başlayıb.
Nəzərə almaq lazımdır ki, burada yalnız toplanmış sığorta haqları deyil, həmçinin onların düzgün investisiyalaşdırılması aspekti da vacibdir. Sığortaçılar məhsullarının satışında bir növ müştərinin məsləhətçisi rolunda çıxış edir və ona vəsaitlərini düzgün investisiyalaşdırmaqda kömək edirlər.
Azərbaycanda həyat sığortasınının inkişafını ləngidən əsas amil qiymətli kağızlar bazarının kifayət qədər inkişaf etməməsi və sığorta şirkətləri tərəfindən vəsaitlərin yatırılması üçün imkanların məhdud olmasıdır. Sığorta şirkətləri əhalidən alınmış vəsaitləri harasa yatırmalıdırlar. Bu gün Azərbaycanda investisiyalar üçün yeganə real alət banka depozit qoyuluşudur. Bundan başqa, vəsaitin qoyula biləcəyi sahələr üzrə də müəyyən məhdudiyyətlər var. Dünyada vəsaitlərin böyük hissəsi birjaya yönəldilir. Həyat sığortasının inkişafı Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına təkan verə bilər.
Biz ASA komitələrindən birinin iclasında həyat sığortası bazarındakı vəziyyəti müzakirə etməyi planlaşdırırıq. Başqa ölkələrin təcrübəsinə baxmaq lazımdır. Baxmaq lazımdır ki, bəlkə Azərbaycanda bu vəsaitləri əmlaka investisiya şəklində yatırmaq mümkün oldu. Azərbaycan üçün əmlak investisiyalar üçün real bazardır. Bu məsələni müzakirə etmək lazımdır, xüsusən də əmlaka investisiya riski banklara qoyulan investisiya risklərindən çoxdur. Azərbaycanda bu seqmentdə cəmi 3 sığorta şirkəti fəaliyyət göstərir ki, bu da vəziyyətin yaxşılaşdırılması üçün operativ və çevik həll yolu tapmağa imkan verir.
2014-cü ilin fevral ayında Maliyyə Nazirliyi sığorta şirkətləri üçün minimal kapitala dair yeni tələbləri təsdiq edib. Sizin fikrinizcə, bu addım sığorta bazarında oyunçuların sayının azalmasına səbəb olacaqmı?
Yeni kapitallaşma proqramı təsdiq edildikdən sonra Maliyyə Nazirliyi fevral ayında iki sığorta şirkətinin lisenziyasının dayandırılmasına haqqında qərar qəbul edib. Kapitalın artırılmasına dair yeni proqram, əsasən, həm də təkrarsığorta fəaliyyəti göstərmək istəyən şirkətlərin nizamnamə kapitalının artırılmasına yönəlib. Buna görə də sığorta şirkətləri özləri müəyyənləşdirməlidirlər.
Əgər bu şirkətlər bazardakı mövqelərini itirsələr və kapitalla bağlı problemləri yaransa, onların bu bazardan getməsi daha asandır. Onların səhmdarlarına sadəcə pulu banka qoyaraq faiz qazanmaq bazarda mövqeyini itirən sığorta şirkətinin kapitalına investisiya qoymaqdan əlverişlidir.
Əgər xarici ölkələrlə müqayisə etsək, bizdə sığorta şirkətləri çoxdur, MDB ölkələri ilə müqayisədə isə 29 sığorta şirkəti normal göstəricidir. Bazar özü sığortaçıların sayını tənzimləyir. Vaxt var idi Azərbaycanda sığortaçıların sayı 50-ni üstələyirdi, bu gün onların sayı cəmi 29-dur və onlardan ikisinin lisenziyası dayandırılıb. Dövlət öz tərəfindən kapitala, aktuarilərə qarşı tələblər irəli sürür. Bütün bunlar normal praktikadır.
Bu gün Azərbaycanda aqrar sektorun inkişafı üçün çox işlər görülür. Lakin hələ ki, kənd təsərrüfatı risklərinin sığortalanması fermerlər arasında geniş yayılmayıb. Bu nə ilə əlaqədardır və bu sığorta növünə marağın artması üçün nə etmək lazımdır?
Bu gün aqrar sahədə risklərin sığortalanması istiqamətində fəal iş aparılır. Biz Türkiyədə olduq və orada fəaliyyət göstərən TARSİM (Türkiyə Aqrar Sığorta Pulu) qurumu ilə müəyyən danışıqlar apardıq. Bu, çox maraqlı sistemdir.
Azərbaycanda aqrar sahədə sığortanın inkişafı üçün Kənd Təsərrüfatı və Maliyyə nazirlikləri qarşılıqlı fəaliyyət göstərməlidir. Azərbaycanda aqrar sahənin könüllü sığortası nəzərdə tutulur və indi sığorta modeli üzrə müzakirələr aparılır. Bu gün birmənalı şəkildə demək olar ki, aqrar sahədə sığortanın zamanı gəlib çatıb, çünki dövlət bu sahənin inkişafı üçün maliyyə də daxil olmaqla bütün vasitələrdən istifadə edir.
Bu gün Azərbaycanda aqrar sığorta ilə məşğul olan sığorta şirkəti azdır. Fermerləri maraqlandırmaq lazımdır, bunun üçün inzibati resursun tətbiqi də mümkündür. Məsələn, əgər fermer dövlətdən subsidiya almaq istəyirsə, o, öz risklərini sığortalatmalıdır. Lakin bütün bunlar hələ müzakirə mövzusudur.
Assosiasiyanın mikrosığorta seqmentinin inkişafına dair təklif və planları varmı?
Bu gün mikrosığorta əhalisi çox, gəlirləri az olan ölkələr, məsələn, Braziliya, Hindistan, Çin, Malayziya, İndoneziya və digər ölkələr üçün maraqlıdır. Azərbaycanda mən hələ ki, mikrosığortanın tətbiq olunacağı sahələri görmürəm. Hələ ki, bu məsələnin vaxtı çatmayıb. Gələcəkdə hansısa sahədə mikrosığortanın tətbiqi mümkündür. Məsələn, aqrar sahədə gübrənin alınması, əmlak sığortası, kommunal ödənişlər zamanı. Bu, ideyalardan biri və müzakirələr üçün açıq mövzudur.
Söhbət etdi Anar Əziziov