Miqrantların hüquqlarının təmin edilməsi və miqrasiya proseslərinin tənzimlənməsi məsələlərində başqa ölkələrə örnək olması üçün Azərbaycanın yaxşı potensialı var. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Sərxan Aktorpak bəyan edib.
“Biz Azərbaycanın tranzit imkanlarının artmasını və nəqliyyat infrastrukturunun yaxşılaşmasını gözləyirik, bu, miqrasiya axınının artmasına gətirib çıxaracaq”, - deyə S.Aktorpak “Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda miqrantların hüquqları yüksək səviyyədə qorunur.
“Azərbaycanda milli və ya regional mənsubiyyətinə görə dözümsüzlük təzahürləri yoxdur. Ölkə rəhbərliyi miqrasiya problemlərinin həlli yönündə ciddi iş aparır”, - deyə o qeyd edib.
C.Aktorpak bildirib ki, Azərbaycanda son illər miqrasiya proseslərinin çox sürətlə inkişaf etməsi müşahidə olunur.
“Əgər 2008-ci ilə qədər Azərbaycanda miqrasiya sahəsində disbalans müşahidə olunurdusa, yəni ölkə hüdudlarından kənara çıxanların sayı gələnlərin sayını üstələyirdisə, son illər ölkənin uğurlu sosial-iqtisadi inkişafı nəticəsində mənzərə yaxşılığa doğru dəyişib”, - deyə o bildirib.
Onun sözlərinə görə, əgər 2011-ci ildə Azərbaycana gələnlərin sayı və ölkədən gedənlərin sayı 5,7 mln. nəfər təşkil edibsə, 2013-cü ildə bu göstərici 6,8 mln. nəfərə çatıb.
“Yəni iki il ərzində həm ölkədən gedən, həm də ölkəyə gələn miqrantların sayı 1 mln. nəfərdən çox artıb. Bu o deməkdir ki, Azərbaycanda miqrasiya prosesləri çox sürətlə inkişaf edir. Əgər Azərbaycanın əhalisi 100 mln. nəfər olsaydı, bu, o qədər də nəzərə çarpmazdı. Lakin bu gün ölkə əhalisi 9 mln. 280 min nəfər təşkil edir və bununla da miqrasiya proseslərinin ciddiyyəti aydın olur”,- deyə S.Aktorpak söyləyib.
Bununla yanaşı, o, miqrantların hüquqlarının təmin edilməsinin daha da təkmilləşdirilməsi üçün mexanizmlərin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
“Biz görürük ki, Azərbaycan rəhbərliyinin bunun üçün iradəsi var. Biz çox şadıq ki, Azərbaycanda bu istiqamətdə lazımi addımlar atılır”, - deyə o əlavə edib.
S.Aktorpak bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanın müxtəlif dövlət qurumları, o cümlədən Daxili İşlər, Ədliyyə nazirlikləri ilə əməkdaşlıq edir, cari ildə isə Polis Akademiyası üçün müvafiq tədris proqramı hazırlamağı planlaşdırır.
“Biz Azərbaycanın Ədliyyə Nazirliyi ilə ciddi əməkdaşlıq edirik, miqrasiya və traffikinq məsələləri ilə əlaqədar məhkəmə, prokuror və vəkillərin potensialının artırılması məqsədi ilə tədbirlər həyata keçiririk”,- deyə o əlavə edib.