Azərbaycan rəhbərliyinin həyata keçirdyi uğurlu sosial-iqtisadi siyasət həm ötən illərdə pul qazanmaq üçün xaricə üz tutmuş Azərbaycan vətəndaşları, həm də əcnəbilər üçün ölkənin əmək bazarını cəlbedici edib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev "Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bəyan edib.
“Bu uğurlu siyasət nəticəsində ötən illərdə qazanc üçün xaricə üz tutmuş Azərbaycan vətəndaşları vətənə qayıtmağa başlayıblar. Hətta əcnəbi əmək miqrantları üçün də Azərbaycan cəlbedici ölkəyə çevrilib”, - deyə o vurğulayıb.
P.Musayev qeyd edib ki, beləliklə, artıq Azərbaycan miqrantların mənşə ölkəsindən təyinat ölkəsinə çevrilib.
Onun sözlərinə görə, cari ilin birinci rübündə Azərbaycanda 900-dən artıq əcnəbinin yaşaması leqallaşdırılıb.
“140 mindən artıq əcnəbi yaşadığı yer üzrə qeydiyyata alınıb. Onlardan 11 min nəfərə ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilib”, - deyə P.Musayev bildirib.
Rəis müavini qeyd edib ki, 2013-cü ildə ölkə prezidentinin sərəncamı ilə 231 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib.