NATO Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Bu barədə NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru cümə axşamı Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı bəyan edib. Dövlət başçısının saytında verilən məlumata görə, S.Dukaru bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramının 20 illik yubileyində və eləcə də “Sülh və Təhlükəsizlik naminə elm” proqramı üzrə keçiriləcək informasiya günlərində iştirak etməkdir.
Əməkdaşlığımızın böyük tarixə malik olduğunu vurğulayan prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, xüsusi ilə enerji və Əfqanıstan ilə bağlı əməkdaşlıq sahəsində bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.