Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 46,5 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2014-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 1 106 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 2,7 mindən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə axşamı Cəlilabad rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
İndiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1664 layihənin həyata keçirilməsi üçün SKMF-in xətti ilə 73 mln. manat güzəştli kredit verilib.
“Cümə axşamı tədbir çərçivəsində 54 sahibkarlıq subyekti ümumilikdə 573 min manat məbləğində güzəştli kredit alıb. Kredit vəsaitləri heyvandarlıq, arıçılıq, üzümçülük, tikinti materiallarının istehsalı və digər sahələrdə layihələrin reallaşdırılmasına ayrılıb. Layihələrin maliyyələşdirilməsi 70-dən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat məbləğində güzəştli kreditlər verməyi planlaşdırır.