Ukrayna hökuməti xarici ölkə vətəndaşlarını Krım və Sevastopol ərazisinə Kiyev ilə razılaşdırılmamış səfərlərdən çəkindirir.
“Vizasız giriş hüququ olan xarici vətəndaşlar Krım Muxtar Respublikası və Sevastopola ancaq Ukrayna ərazisindən keçməlidirlər. Yoxlamalar və müvafiq möhürlər Ukrayna sərhəd xidmətçiləri tərəfindən həyata keçirildikdə həmin səfər qanuni hesab olunacaq”, - deyə Ukraynanın Azərbaycandakı səfirliyinin cümə axşamı yaydığı məlumatda bildirilir.
Viza əsasında Ukraynaya səfər edən xarici vətəndaşlar viza almaq üçün Ukraynanın diplomatik korpus və konsulluq şöbələrinə müraciət etməlidir.
“Ukrayna qanunvericiliyini pozan, qaydalara riayət etməyən xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Ukrayna qanunvericiliyi qarşısında məsuliyyət daşıyacaqlar, onlar işğala dəstək verən şəxs kimi tanınacaqlar və bu durum həmin şəxslərə qarşı beynəlxalq sanksiyaların tətbiqinə gətirib çıxaracaq”, - deyə diplomatik missiyanın məlumatında qeyd olunur.