Azərbaycan-Norveç əlaqələri yüksələn xətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq ilə görüş zamanı belə söyləyib.
Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirlərində iştirakına görə ona təşəkkürünü bildirib. Muxtar respublika haqqında səfirə ətraflı məlumat verən V.Talıbov deyib ki, qədim tarixə malik olan Naxçıvan dünyanın ilkin yaşayış məskənlərindəndir.
O, Naxçıvanın da Azərbaycanın tərkib hissəsi kimi bu əlaqələrin inkişafında yaxından iştirakının əhəmiyyətini vurğulayıb. Ali Məclisin sədri təhsil, səhiyyə, biznes və digər sahələrdə münasibətlərin inkişafı üçün yaxşı potensialın olduğunu bildirib, ikitərəfli əlaqələrin genişləndiriləcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula görə minnətdarlıq edən səfir Erlinq Şönsberq V.Talıbovu muxtar respublikanın 90 illik yubileyi münasibətilə təbrik edib. Qonaq muxtar respublikada bütün sahələr üzrə inkişafın və mövcud sabitliyin məmnunluq doğurduğunu bildirib, ölkələrimiz arasındakı münasibətlərin inkişafında səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə əlaqələrin hazırkı səviyyəsi və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Norveç səfiri Naxçıvana səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub, ali məktəbin strukturu, maddi-texniki bazası, tədris prosesi ilə maraqlanıb, muxtar respublikanın istehsal müəssisələri və görməli yerləri, o cümlədən “Əshabi-Kəf” ziyarətgahı ilə tanış olub.