Azərbaycan NATO-nun ən fəal və etibarlı tərfdaşlarından biridir. Bu gün Bakı ilə Brüssel arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu barədə NATO baş katibinin müavini Sorin Dukaru bəyan edib.
“Azərbaycan NATO-nun yalnız çoxdankı tərəfdaşlarından biri deyil, ölkəniz həm də alyansın ən fəal və mühüm tərəfdaşlarından biridir”, - deyə S.Dukaru cümə günü Bakıda keçirilən "Sülh Naminə Tərəfdaşlıq” proqramında Azərbaycanın 20 illik iştirakına həsr olunmuş konfransdan qabaq jurnalistlərə bildirib.
Alyans nümayəndəsinin sözlərinə görə, Azərbaycan Əfqanıstanda sülhün və sabitliyin təmin olunmasında həm sülhməramlı fəaliyyəti, həm də Alyans qüvvələrinə özünün tranzit imkanlarını təqdim etməklə mühüm rol oynayır. “Enerji təhlükəsizliyi və terrorizmlə mübarizə kimi məsələlərdə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb”, - deyə baş katibin müavini vurğulayıb.
S.Dukaru, həmçinin “Sülh və
Təhlükəsizlik naminə Elm Proqramı”nın əhəmiyyətini qeyd edib. Bu proqram çərçivəsində Azərbaycan və NATO arasında onlarla layihə reallaşdırılır. “Bu, Azərbaycanla NATO arasında dinamik inkişaf üçün yaxşı əsasdır”, - deyə o qeyd edib.
Ukraynadakı böhran kontekstində Rusiya ilə münasibətlərə NATO-nun yanaşmasına toxunan S.Dukaru xatırladıb ki, Alyans ölkələri “Rusiyanın Krımı qanunsuz olaraq ilhaq etməsini pisləyiblər”, qarşıdurmanın gələcəkdə davam etməsinə qarşı çıxıblar və Moskva ilə hərbi əməkdaşlığı dayandırıblar. NATO Şurası-Rusiya çərçivəsində dialoq üçün imkanlar isə açıq olaraq qalır.