1 aprel 2014-cü il tarixinə Azərbaycanda “elektron imza” (“e-imza”) alan hüquqi və fiziki şəxslərin sayı 18,452 min təşkil edir. Bu barədə “e-hökumət” portalının aylıq bülletenində məlumat verilir (www.e-gov.az).
1 aprel 2014-cü il tarixinə 755 hüquqi şəxs, 5 022 vətəndaş və 12 675 dövlət orqanları əməkdaşları “e-imza”ya malikdir.
www.e-gov.az portalında təqdim olunan xidmətlərin sayı 319 təşkil edir.
İndiyədək 317,901 min nəfər elektron formada 982,325 min xidmət əldə etmək üçün portala müraciət edib.
“Ümumilikdə vətəndaşların portala marağının artması müşahidə olunur, eləcə də təkrar müraciət edənlərin sayı artır. Bu dövr ərzində portala müraciət edənlərin 56,3%-ni yeni istifadəçilər, 43,7%-ni təkrar müraciət edənlər təşkil edib”, - deyə bülletendə bildirilir.
1 aprel 2014-cü il tarixinə 35,111 min istifadəçi portaldan istifadə üçün sadələşdirilmiş kod-parol alıb.
2014-cü ilin mart ayında müraciətlərin əksəriyyəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin təqdim etdiyi xidmətlərdən istifadə ilə bağlı olub.
Ötən ay “Elektron hökumət” portalı vasitəsilə vətəndaşlara 85,025 min xidmət göstərilib.