Bakı və Tehran üçüncü tərəflərin qarşı çıxmasına baxmayaraq, ikitərəfli əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov prezident İlham Əliyevin aprelin 9-da İrana baş tutmuş rəsmi səfərinin yekunlarını şərh edərkən bəyan edib.
N.Məmmədovun sözlərinə görə, Azərbycan və İran prezidentlərinin görüşündə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
“Eyni zamanda bir vacib məsələ də var. Azərbaycan və İran prezidentləri iki ölkə arasındakı münasibətləri pozmağa çalışan müxtəlif xarici qüvvələrin və dairələrin olması barədə öz mövqelərini bildirərək, belə cəhdlərin, eləcə də ölkə daxilində müəyyən mənfi prosesləri başlatmaq cəhdlərinin qarşısının alınması üçün səy göstərməyə hazır olduqlarını bəyan ediblər”,- deyə N.Məmmədov qeyd edib.
O, həmçinin əlavə edib ki, Azərbaycan və İranın bütün dövlət qurumları bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün səylə çalışmalıdır.